ABŞ enerji sektorunda mühüm hadisələrdən biri hesab olunan “Delfin FLNG 1” layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi ölkənin mayeləşdirilmiş təbii qaz ixrac imkanlarının daha da genişlənəcəyindən xəbər verir. Layihə reallaşdıqdan sonra ABŞ-nin ilk üzən LNG zavodu (FLNG) olmaqla yanaşı, dünyanın ən iri üzən LNG komplekslərindən birinə çevriləcək.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Luiziana sahillərindən təxminən 40 dəniz mili məsafədə yerləşdirilməsi planlaşdırılan zavodun ilk mərhələdə ildə 4,4 milyon ton LNG istehsal və ixrac etməsi nəzərdə tutulur. Layihənin tam inkişaf mərhələsində isə üç FLNG gəmisindən ibarət kompleksin ümumi istehsal gücü ildə 13,2 milyon tona çatacaq.
Təxminən 5 milyard ABŞ dolları dəyərində qiymətləndirilən layihəyə qlobal maliyyə və enerji sektorunun aparıcı oyunçuları sərmayə yatırır. İnvestorlar arasında Global Infrastructure Partners (BlackRock), Mitsui O.S.K. Lines (MOL), Vitol və Diameter Capital Partners kimi şirkətlər yer alır.
FLNG platformasının dizaynı Cənubi Koreyanın aparıcı gəmiqayırma şirkətlərindən biri olan Samsung Heavy Industries ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Mövcud plana əsasən, ilk üzən LNG zavodunun 2030-cu ildə istismara verilməsi gözlənilir.
Ekspertlər hesab edirlər ki, layihə ABŞ-nin qlobal LNG bazarındakı mövqeyini daha da gücləndirəcək, xüsusilə Avropa və Asiya bazarlarına qaz tədarükünün şaxələndirilməsinə əlavə imkanlar yaradacaq. Eyni zamanda, FLNG texnologiyasının tətbiqi sahilyanı iri infrastruktur obyektlərinə ehtiyacı azaltmaqla daha çevik və rəqabətli qaz ixrac modelinin formalaşmasına şərait yaradır.





