Dənizçilikdə alternativ yanacaq mərhələsi

101
default

Dünyanın iri konteyner daşıma şirkətlərindən biri olan “Hapag-Lloyd” və gəmi sahibi “Seaspan Corporation” birgə həyata keçirdikləri metanol konversiyası proqramı çərçivəsində ilk layihəni uğurla başa çatdırıb.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, proqram çərçivəsində 10 100 TEU tutumlu “Seaspan Yangtze” konteyner gəmisi ənənəvi “MAN S90” mühərrikindən metanol yanacağı ilə işləyə bilən ikiyanacaqlı (dual-fuel) mühərrikə çevrilib. Layihə həmçinin “Seaspan Amazon”, “Seaspan Ganges”, “Seaspan Thames” və “Seaspan Zambezi” gəmilərini də əhatə edir.

Tərəflərin məlumatına görə, beş gəminin modernləşdirilməsinə ümumilikdə təxminən 120 milyon ABŞ dolları sərmayə yatırılacaq. Metanol yanacağından istifadə nəticəsində hər bir gəmi ildə təxminən 30–50 min ton karbon emissiyasının qarşısını ala bilər.

“Hapag-Lloyd” bildirib ki, mövcud gəmilərin alternativ yanacaq istifadəsinə uyğunlaşdırılması şirkətin 2045-ci ilədək donanma əməliyyatlarını karbonsuzlaşdırmaq strategiyasının mühüm hissəsidir.