Dənizçilikdə gələcəyin dizaynı

80

Çinin “Jiangnan” gəmiqayırma zavodu dördüncü nəsil nüvə texnologiyasına əsaslanan yeni ərimiş duz reaktorlu (MSR) konteyner daşımaları konseptini təqdim edib.

Denizxeber.az bildirir ki, şirkətin məlumatına görə, layihə təkcə nüvə enerjili konteyner gəmisini deyil, həm də dərin dəniz konteyner logistikasını əhatə edən sıfır emissiyalı inteqrasiya olunmuş ekosistemi əhatə edir. Konseptə MSR reaktorlu okean konteyner gəmiləri, nüvə enerjisi ilə işləyən yedək gəmiləri, elektriklə işləyən konteyner gəmiləri, üzən enerji istehsalı platformaları və yaşıl ammonyak yanacağı ilə işləyən fider gəmiləri daxildir.

Layihə həmçinin nüvə enerjisi hesabına elektrik və yaşıl yanacaq istehsalını, eləcə də konteynerlərin yenidən yüklənməsi üçün xüsusi terminalı nəzərdə tutur. Şirkət bildirir ki, sistem böyük limanların və əsas dəniz marşrutlarının müxtəlif tələblərinə uyğunlaşdırıla bilən modul quruluşa malikdir.

“Jiangnan Shipyard” qeyd edir ki, ərimiş duz reaktorları yüksək təhlükəsizlik səviyyəsi və sıfır karbon emissiyası potensialı ilə seçilir. Zavod daha əvvəl də nüvə enerjili çox böyük konteyner gəmilərinin konseptlərini təqdim edib və bu layihələr beynəlxalq təsnifat cəmiyyətlərindən “prinsipial təsdiq” (AiP) alıb.