Nüvə enerjisi ilə işləyən gəmi konsepti

100

Cənubi Koreyanın HD Hyundai şirkətinin gəmiqayırma bölmələri — HD Hyundai Heavy Industries və HD Korea Shipbuilding & Offshore Engineering — maye duz reaktoruna (MSR) əsaslanan nüvə enerjili iri avtomobildaşıyan gəmi konsepti üçün Lloyd’s Register təsnifat cəmiyyətindən ilkin təsdiq alıb.

Denizxeber.az bildirir ki, şirkətin yaydığı məlumata görə, layihənin konseptual dizaynı və texniki əsaslandırması HD Hyundai tərəfindən hazırlanıb. Hyundai Glovis avtomobildaşıma əməliyyat təcrübəsinə əsaslanan istismar planlarını təqdim edib, G-Marine Service isə gəmi idarəetməsi üzrə ekspertiza aparıb. Koreya Atom Enerjisi Tədqiqat İnstitutu isə kiçik modul reaktor (SMR) texnologiyasının dənizdə tətbiq imkanlarını qiymətləndirib.

Mütəxəssislərin fikrincə, maye duz reaktorları yüksək təhlükəsizlik göstəriciləri və effektiv istilik ötürmə xüsusiyyətlərinə görə nüvə dəniz energetikası üçün perspektivli variantlardan biri hesab olunur. Bu tip sistemlə işləyən gəmi istismar zamanı karbon emissiyası yaratmır və uzun müddət fasiləsiz işləyə bilir.

HD Hyundai bundan əvvəl MSR əsaslı konteyner gəmiləri konseptini də təqdim etmişdi. Yeni layihə isə texnologiyanın avtomobildaşıyan gəmilərə tətbiqini nəzərdə tutur.

Proqnozlara görə, qlobal avtomobildaşıma bazarı 2030-cu ilədək artım tempini qoruyacaq və bu artım elektromobillərin yayılması, ixrac axınlarının genişlənməsi və aşağı emissiyalı gəmi texnologiyalarına tələbatla əlaqələndirilir.

Eyni zamanda Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) bildirir ki, nüvə enerjisi gəmiçiliyin dekarbonizasiyasına töhfə verə bilər, lakin bunun üçün təhlükəsizlik, tənzimləmə, kadr hazırlığı və sığorta mexanizmləri kimi sahələrdə ciddi beynəlxalq standartların formalaşdırılması vacibdir.