Gəmiqayırma bazarında tarixi artım

90

Dünya gəmiçilik sənayesində neft supertankerlərinə tələbat artmaqda davam edir. “Clarksons” şirkətinin məlumatına görə, hazırda dünya tərsanələrində hər biri 2 milyon barel xam neft daşımaq qabiliyyətinə malik 262 supertanker sifariş mərhələsindədir. Bu göstərici 2008-ci ildə qeydə alınmış əvvəlki rekordu geridə qoyub.

Denizxeber.az bildirir ki, mütəxəssislər son dövrlərdə tanker bazarında müşahidə olunan yüksəlişi Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında yaranmış risklərlə əlaqələndirirlər. Regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda tanker daşımalarının tarifləri kəskin artaraq bəzi marşrutlarda tarixi maksimum səviyyələrə yüksəlib.

Bununla yanaşı, analitiklər xəbərdarlıq edirlər ki, sifarişlərin həddindən artıq artması gələcəkdə bazarda tonnaj bolluğu yarada və yükdaşıma tariflərinin aşağı düşməsinə səbəb ola bilər. Onların fikrincə, 2008-ci ildəki sifariş bumundan sonra yaşanan uzunmüddətli tanker bazarı böhranı bu baxımdan mühüm nümunədir.

Sənaye nümayəndələri yeni sifarişlərin əsas səbəblərindən biri kimi qlobal tanker donanmasının qocalmasını və sanksiyalar səbəbindən bazardan kənarda qalan gəmilərin yaratdığı çatışmazlığı göstərirlər. Məlumata görə, dünya üzrə fəaliyyət göstərən supertankerlərin orta yaşı son 25 ilin ən yüksək səviyyəsinə çatıb.

Ekspertlər qeyd edirlər ki, yalnız tanker seqmentində deyil, ümumilikdə gəmiçilik sektorunda da yeni gəmi sifarişlərinin həcmi son 14 ilin ən yüksək göstəricilərindən birini nümayiş etdirir.