Filippinin Luzon adasının şimal-qərb sahillərində, İlokos Norte əyaləti yaxınlığında yük gəmisi quruya oturaraq yan yatıb və nəticədə dənizə neft məhsulu sızıb.
Denizxeber.az bildirir ki, “MSCI 1” adlı, çınqıl yükü daşıyan gəmi əlverişsiz hava şəraiti səbəbindən iyunun 8-də qəsdən sahilə oturdulub. Filippin Sahil Mühafizəsinin məlumatına görə, gəmidə olan 15 nəfərlik ekipajın hamısı təhlükəsiz şəkildə təxliyə edilib.
Hadisədən sonra gəmidən neft sızması aşkar edilib. Çirklənmənin yayılmasının qarşısını almaq üçün su səthində xüsusi baryerlər quraşdırılsa da, güclü dalğalar onların bir hissəsini yerindən tərpədib və sahil xəttində neft ləkələrinin əmələ gəlməsinə səbəb olub. Hazırda ərazidə təmizlik və bərpa işləri aparılır.
İlkin ehtimallara görə, sızma əsas yanacaq çənlərindən deyil, gəminin maşın şöbəsindən baş verib.





