Rotterdam limanı avtonom gəmiçilik sahəsində mühüm addım atdığını açıqlayıb. “HTS Group” tərəfindən istismar olunan “Letitia” daxili su yolu konteyner gəmisi canlı nümayiş zamanı aktiv insan müdaxiləsi olmadan iki terminal arasında uğurla hərəkət edib.
Denizxeber.az bildirir ki, gəmi Maasvlakte bölgəsindəki Amaliahaven terminalından Vaalhaven terminalına qədər marşrutu müstəqil şəkildə qət edib. Səfər zamanı gəmi liman ərazisində hərəkət, digər gəmilərin aşkarlanması, marşrutun tənzimlənməsi, yanalma və ayrılma əməliyyatlarını avtonom şəkildə yerinə yetirib.
Kapitan bütün səfər boyu gəmidə qalsa da, yalnız zərurət yarandığı halda müdaxilə etmək səlahiyyətinə malik olub.
Sınaq Avropa İttifaqının maliyyələşdirdiyi MAGPIE layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi limanlarda rəqəmsallaşma, təmiz enerji və dayanıqlı logistika həllərinin tətbiqini sürətləndirməkdir.





