Boğazla bağlı mövqe dəyişdi

73

Denizxeber.az bildirir ki, “Fox News” telekanalının ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən yaydığı məlumata görə, İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb.

Sazişin icrası baş tutarsa, İran strateji əhəmiyyət daşıyan boğazı beynəlxalq gəmiçilik üçün açacaq və tranzit keçid zamanı heç bir ödəniş tələb olunmayacaq.

Bildirilib ki, razılaşma əldə olunacağı təqdirdə ABŞ tətbiq etdiyi blokadanı yumşaldacaq və ya aradan qaldıra bilər. Eyni zamanda, Hörmüz boğazının təhlükəsizliyi məqsədilə ərazinin minalardan təmizlənməsi prosesinə başlanılması da nəzərdə tutulur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sazişin yaxın günlərdə imzalana biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, razılaşmadan sonra Hörmüz boğazı bütün ölkələrin ticarət gəmiləri üçün açıq olacaq.

Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi təsdiqlənməyib və proseslə bağlı danışıqların davam etdiyi bildirilir.