Gəmiqayırma sahəsində tərəfdaşlıq müzakirə olundu

70

Azərbaycan və Ukrayna arasında dəniz nəqliyyatı, logistika və gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Denizxeber.az bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov ilə keçirdiyi görüşün nəticələrini şərh edərkən bildirib.

Görüş zamanı tərəflər:

  • Dəniz nəqliyyatı və logistika sahəsində əməkdaşlığın inkişafını;
  • Orta Dəhliz çərçivəsində yeni imkanları;
  • Xəzər dənizində və Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqələrinin genişləndirilməsini;
  • Birgə infrastruktur və gəmiqayırma layihələrinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Səfir Yuri Qusev qeyd edib ki, tərəflər regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və yeni logistika marşrutlarının inkişafı məsələlərinə xüsusi diqqət ayırıblar.

O, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən dəstəyə, eləcə də humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü ifadə edib.

Mütəxəssislərin fikrincə, mümkün birgə gəmiqayırma layihələri iki ölkə arasında sənaye və nəqliyyat əməkdaşlığının yeni mərhələyə keçməsinə, həmçinin regional logistika imkanlarının genişlənməsinə töhfə verə bilər.