İran iki ay ərzində heç bir ödəniş tələb etməyəcək

121

İran Hörmüz boğazında göstərilən xidmətlərə görə 60 gün müddətində heç bir ödəniş tələb etməyəcək və bununla bağlı bütün xərcləri öz üzərinə götürəcək.

Denizxeber.az bildirir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının yaydığı rəsmi bəyanatda bildirilir. Sənəddə qeyd olunur ki, İslamabad Anlaşma Memorandumuna əsasən, müraciət edənlərdən 60 gün ərzində heç bir ödəniş alınmayacaq və bütün əlaqədar xərclər İran İslam Respublikası hökuməti tərəfindən qarşılanacaq.

Bəyanata görə, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər əvvəlki qaydada İranın Körfəz üzrə Dəniz Nəzarəti Orqanına müraciət təqdim etməlidirlər. Bununla yanaşı, bütün müraciətlərin operativ şəkildə emal ediləcəyi vurğulanır. Şura, həmçinin bildirib ki, İran ABŞ ilə imzalanmış memorandum çərçivəsində Hörmüz boğazında minaların təmizlənməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək.

Sənəddə vurğulanır ki, Hörmüz boğazında mövcud xüsusi şərait, təhlükəsizlik riskləri, təhlükəsiz gəmiçiliyin təmin edilməsi və dəniz qəzalarının qarşısının alınması zərurəti nəzərə alınaraq, gəmilər müəyyən edilmiş vaxt qrafikinə və marşrutlara ciddi riayət etməlidirlər. Bu tədbirlərin boğazın ötürmə qabiliyyətinin mərhələli şəkildə artırılmasına imkan verəcəyi qeyd olunur.