Qardaş ölkə hərbi gəmiqayırmada tarix yazır

83

Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi

Türkiyə hərbi dənizçilik tarixində mühüm bir ilkə imza ataraq, NATO və Avropa İttifaqının üzvü olan bir ölkə üçün inşa etdiyi hərbi gəmini ixrac edib və “Cam. Roman” korvetini Rumıniyaya təhvil verib.

Denizxeber.az bildirir ki, İstanbulda təşkil olunan rəsmi təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər.

Ərdoğan: “Gəminin sistemləri tamamilə yerli istehsaldır”

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hadisəni iki ölkə arasındakı dostluğun və Türkiyə müdafiə sənayesinin böyük uğuru kimi qiymətləndirib:

“Bu gün dənizçilik sənayemizin nailiyyətlərini, mühəndislik potensialımızı, eləcə də Türkiyə ilə Rumıniya arasındakı dostluğu bir daha təsdiqləmək üçün İstanbulda toplaşmışıq. Ölkələrimiz arasındakı çoxillik əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyur və ‘Cam. Roman’ korvetini Rumıniya Hərbi Dəniz Qüvvələrinə qürurla təqdim edirik. Bu, tariximizdə NATO və Avropa İttifaqına üzv bir dövlətə həyata keçirilən ilk hərbi gəmi ixracıdır.

Dəniz minalarına qarşı mübarizə kimi sahələrdə Türkiyə, Rumıniya və Bolqarıstan arasında inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Bu gün təhvil verdiyimiz gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, atəşin idarəetmə kompleksi, sonar sistemləri və yaxın mənzilli müdafiə silahları tamamilə yerli şirkətlərimiz tərəfindən istehsal olunub.”

Eyni mərasimdə Türkiyə donanmasına da yeni gəmi

İstanbuldakı mərasim çərçivəsində təkcə Rumıniya üçün deyil, həm də Türkiyə donanması üçün əlamətdar anlar yaşanıb. Belə ki, “Cam. Roman” korveti ilə bərabər, “Hisar” sinfinə aid olan “TCG Kochisar” patrul gəmisi də rəsmən Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.

Hər iki hərbi gəmi Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən və layihənin baş podratçısı olan “Asfat” şirkəti tərəfindən, ölkənin yerli gəmiqayırma proqramı (MİLGEM) çərçivəsində yüksək texnologiyalarla inşa edilib.