ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əməkdaşların hüquqi maarifləndirilməsi məqsədilə görüş təşkil olunub.
Denizxeber.az bildirir ki, tədbirdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov, zavod rəhbərliyi, eləcə də Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi Rövşən Hümbətov və Cinayət Axtarış bölməsinin rəisi Zöhrab Mayılov müxtəlif hüquqi mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Çıxışlarda əsasən aşağıdakı aktual mövzular barədə geniş məlumat verilib və xəbərdarlıqlar edilib:
- Kibertəhlükəsizlik: İnformasiya təhlükəsizliyi sahəsində mövcud risklər və qorunma yolları.
- Maliyyə dələduzluğu: Bank kartları ilə bağlı qarşıya çıxan dələduzluq halları.
- Oğurluq faktları: Dəniz nəqliyyatı obyektlərində qeydə alınan oğurluq hadisələri və onların qarşısının alınması.
- Zərərli vərdişlər və qanunsuzluq: Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsinin yaratdığı hüquqi nəticələr.
İnteraktiv formada keçən tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb və işçilərin sualları ətraflı şəkildə cavablandırılıb.






