25 iyun — Beynəlxalq Dənizçilər Gününüz mübarək!

275

Bu gün, 25 iyun — Beynəlxalq Dənizçilər Günüdür. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatının təşəbbüsü ilə təsis edilmiş bu gün dünya dənizçiliyinin inkişafında misilsiz rol oynayan insanlara ehtiramın rəmzidir. Aylarca ailəsindən uzaqda qalan, bayramı dənizdə qarşılayan, ağır şəraitdə böyük məsuliyyət daşıyan bu insanların əməyi çox zaman görünməz qalsa da, onlar olmadan dünya bir gün belə dayana bilməz.

Dünya ticarətinin 90%-dən çoxunu əhatə edən dəniz nəqliyyatının arxasında öz rahatlığından keçən, gecəsi-gündüzü olmayan, lakin işini heç vaxt yarımçıq qoymayan insanlar dayanır. Onlar aylarla açıq dənizdə, çətin iqlim şəraitində, ailələrindən uzaqda çalışaraq qlobal iqtisadiyyatın fasiləsiz fəaliyyətinə öz töhfələrini verirlər. Dənizçilik məhz buna görə sadəcə peşə deyil — bu fədakarlıqdır, bu şərəfli bir həyat tərzidir.

Bu gün eyni zam zamanda xidmət zamanı həyatını itirmiş dənizçilərin xatirəsini yad etmək günüdür. Vəzifə başında can verən bu insanların əziz xatirəsini dərin ehtiramla anaraq ailələrinə və yaxınlarına səbr və dözüm diləyirik. Onların xatirəsi hər dalğada, hər üfüqdə yaşamağa davam edir.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi olaraq bildiririk ki, dənizçilərin hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi və peşə nüfuzunun artırılması istiqamətindəki fəaliyyətimiz bundan sonra da davam edəcək. Hər bir dənizçi həmkarımızın yanında olduğumuzu bir daha təsdiqləyirik. Bu gün və hər gün — yanınızdayıq.

Beynəlxalq Dənizçilər Günü münasibətilə bütün dənizçilərimizi ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Sağ-salamat qayıdın.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi”