İyunun 27-si bütün dünyada Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr (KOB) Günü kimi qeyd olunur.
Denizxeber.az bildirir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb. BMT tərəfindən 2017-ci ildə təsis edilən bu günün məqsədi kiçik və orta biznesin iqtisadiyyatda, yeni iş yerlərinin yaradılmasında və innovasiyalarda rolunu diqqətə çatdırmaqdır.
Məlumata görə, hazırda dünyadakı müəssisələrin təxminən 90%-ni KOB-lar təşkil edir və onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edirlər.
Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99.7%-i məhz mikro, kiçik və orta biznesin payına düşür. Yerli KOB-lar əsasən ticarət, nəqliyyat, turizm, ictimai iaşə, sənaye və təhsil kimi sahələrdə fəaliyyət göstərərək qeyri-neft sektorunun inkişafına və məşğulluğun artırılmasına böyük töhfə verirlər.





