ABŞ-nin Virciniya ştatının Şərq Dairəsi üzrə Məhkəməsi “Titanik” gəmisinin qalıqlarından çıxarılan artefaktların planlaşdırılan hərracı ilə bağlı əlavə sənədlərin iyunun 29-dək təqdim edilməsinə qərar verib.
Denizxeber.az bildirir ki, “RMS Titanic” şirkəti mart ayında Fransadan əldə etdiyi kolleksiyaya daxil olan 100 artefaktı hərraca çıxarmağı planlaşdırdığını açıqlayıb. Satışı nəzərdə tutulan əşyalar arasında bürünc mələk fiquru, qızıl boyunbağı və ürək formalı boyunbağı asqısı da var.
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) isə bu addımın gəmi qalıqları ilə bağlı qüvvədə olan beynəlxalq qaydalara və məhkəmə qərarlarına zidd olduğunu bildirərək satışa etiraz edib. Qurumun mövqeyinə görə, “Titanik”dən çıxarılan bütün artefaktlar vahid kolleksiya kimi qorunmalı və nümayiş etdirilməlidir, ayrı-ayrılıqda satıla bilməz.
Məhkəmə etirazlarla bağlı cavabların təqdim olunması üçün son tarixi 10 iyul müəyyən edib. Bir sıra ictimai təşkilatlar da NOAA-nın mövqeyini dəstəkləyərək hərracın dayandırılmasını tələb edib.





