Konteyner gəmiləri üçün körfəz qapıları bağlandı!

56

Fars körfəzindən çıxaraq Hörmüz boğazını keçən konteyner gəmisinə hücumdan sonra Beynəlxalq Dəniz Təşkilatı (IMO) bölgədən gəmilərin təxliyəsi üzrə əməliyyatı müvəqqəti dayandırıb.

Denizxeber.az bildirir ki, Sinqapur bayrağı altında üzən və “Evergreen Marine” şirkətinə məxsus “Ever Lovely” konteyner gəmisi Oman sahilləri yaxınlığında, Hörmüz boğazının çıxışında naməlum mərmi ilə vurulub. Hücum nəticəsində gəminin idarəetmə körpüsü zədələnsə də, xəsarət alan olmayıb və gəmi hərəkətini davam etdirib.

Hadisədən əvvəl İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) gəmilərə yalnız öz nəzarətində olan şimal marşrutu ilə hərəkət etmələri barədə xəbərdarlıq etmişdi.

IMO baş katibi Arsenio Dominqes bildirib ki, bölgədəki gəmilərin təhlükəsizliyinə dair təminatların yenidən qiymətləndirilməsi məqsədilə təxliyə planının icrası müvəqqəti dayandırılıb.

Buna baxmayaraq, “Maersk” və “Hapag-Lloyd” şirkətləri Fars körfəzində gözləyən gəmilərinin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıblar. “Maersk” üç gəmisinin hələ də körfəzdə qaldığını, “Hapag-Lloyd” isə bölgədəki bütün təsirlənmiş gəmilərinin artıq körfəzdən çıxdığını bildirib.

IMO-nun məlumatına görə, iyunun 23-də Omanla birgə başladılan təxliyə əməliyyatı çərçivəsində indiyədək 57 gəmi və təxminən 1 100 dənizçi təhlükəsiz şəkildə bölgədən çıxarılıb.