Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
Denizxeber.az bildirir ki, yarışın ikinci günündə kişilər və U-17 (yeniyetmə) qızlar arasında 90 idmançı qum üzərində medallar uğrunda mübarizə aparıb. Çempionatın reqlamentinə əsasən, görüşlər gərgin idman rəqabəti şəraitində keçib. Güləşçilər əvvəlcə nokaut (olimpiya) sistemi ilə qarşılaşıblar. Daha sonra qruplara bölünən iştirakçılardan ilk 2 yeri tutanlar növbəti mərhələyə yüksəliblər. 1/4 və yarımfinal qarşılaşmalarının ardınca qaliblərin adları müəyyənləşib.
Çempionatın yekun nəticələrinə görə, kişilər arasında öz çəki dərəcələrində Rübail İbrahimli (70 kq), Cavid Niftəlizadə (80 kq), Ramiz Həsənov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medallara sahib çıxaraq Azərbaycan çempionu adını qazanıblar. Yeniyetmə qızların yarışında isə Gülnar Ağadadaşova (45 kq), Günel Kərimli (55 kq) və Fidan Babayeva (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.








