Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) iyulun 1-də Ədən körfəzində dəniz quldurlarının iki ayrı ticarət gəmisinə hücum etdiyini bildirib.
Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, məlumata görə, kiçik qayıqda olan dörd silahlı quldur əvvəlcə tankerlərdən birinə minib. Lakin gəmi heyəti təhlükəsizlik sığınacağına (citadel) çəkildikdən sonra quldurlar gəmini tərk ediblər.
Hücum Yəmənin Balhaf şəhərindən təxminən 76 dəniz mili cənubda baş verib. Gəmi heyətinin sözlərinə görə, quldurlar qumbaraatanlarla (RPG) silahlanmış olublar.
Quldurlar qaçdıqdan sonra heyət gəmini yoxlayıb və hücum zamanı istifadə olunan minmə nərdivanlarının hələ də gəminin bortuna bərkidilmiş vəziyyətdə qaldığını müəyyən edib. Bundan əlavə, kapitan körpüsündə və ona bitişik bölmələrdə zədələr aşkarlanıb.
UKMTO bildirib ki, həmin gün daha sonra eyni quldur qrupu növü açıqlanmayan başqa bir gəmini də ələ keçirməyə cəhd edib. Lakin bu dəfə də gəmi heyəti yayınma manevrləri edərək hücumun qarşısını ala bilib.
Bundan sonra quldurların olduğu qayıq ikinci gəminin təqibini dayandıraraq ərazini tərk edib. Onların kimliyi və hazırkı olduğu yer hələlik məlum deyil.





