Azərbaycan Avropanın enerji təhlükəsizliyində açar ölkədir – logistika eksperti Rauf Ağamirzayevin təhlili – FOTO

141

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda Nəqliyyat Bağlantıları üzrə İnvestisiyalar Regional Konfransının keçirilməsi təşəbbüsü Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi artan əhəmiyyətinin mühüm göstəricisidir.

Denizxeber.az bildirir ki, bu fikirləri Day.Az-a açıqlamasında nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzayev səsləndirib.

Ekspertin sözlərinə görə, konfransın Bakıda keçirilməsi nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantılar sahəsində yeni investisiyaların cəlb olunmasına, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığın genişlənməsinə, Orta Dəhlizin inkişafına və regionun geoiqtisadi inteqrasiyasına əlavə təkan verə bilər.

Ağamirzayev bildirib ki, tədbirin məhz Bakıda təşkil olunması Avropa İttifaqının Azərbaycanın regional nəqliyyat infrastrukturu və dayanıqlı nəqliyyat marşrutlarının inkişafındakı strateji roluna verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, bu platforma dövlətlər, beynəlxalq maliyyə institutları və özəl sektor arasında yeni tərəfdaşlıqların qurulması üçün geniş imkanlar yaradacaq.

Ekspert vurğulayıb ki, Avropa ilə Asiya arasında yeni nəqliyyat bağlantılarının axtarışı əslində yeni proses deyil. Bu gün həyata keçirilən layihələrin əksəriyyəti 1993-cü ildə Brüssel Bəyannaməsi əsasında qəbul edilmiş TRACECA (Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizi) proqramının davamıdır. Həmin proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə yaradılıb, sonradan isə İran, Türkiyə, Rumıniya, Bolqarıstan və digər ölkələr də ona qoşulublar.

O xatırladıb ki, 1998-ci ildə ABŞ-ın dəstəyi ilə Çin və Monqolustanı Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Avropa ilə birləşdirən dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyat dəhlizinin yaradılması barədə razılıq əldə olunmuşdu. Məhz bu marşrut sonradan Şərq–Qərb dəhlizi, yaxud Orta Dəhliz kimi tanındı.

Ağamirzayev qeyd edib ki, TRACECA proqramının əsas məqsədi Baltik, Xəzər, Qara və Aralıq dənizlərini, eləcə də Fars körfəzini vahid nəqliyyat şəbəkəsində birləşdirmək idi. Hazırda həyata keçirilən layihələr həmin konsepsiyanın müxtəlif hissələridir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bu şəbəkənin əsas qollarından biridir və hazırda diqqət daha çox bu istiqamətə yönəlib. Digər mühüm qol isə Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan marşrutu üzrə inkişaf etdirilir.

Ekspert əlavə edib ki, Orta Dəhliz gələcəkdə Polşanın Qdansk limanından Türkiyə sərhədinədək uzanan Via Carpatia avtomobil magistralı ilə inteqrasiya olunacaq. Onun sözlərinə görə, əvvəlki “Intermarium” təşəbbüsündən fərqli olaraq, Via Carpatia artıq aktiv şəkildə inşa edilir və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Polşanı birləşdirəcək.

Ağamirzayev Ukraynanın strateji mövqeyinə də toxunaraq bildirib ki, müharibə bu ölkənin logistika potensialını ciddi şəkildə məhdudlaşdırıb. Nəticədə yük və sərnişin axınları Polşa, Moldova, Rumıniya, Slovakiya və Macarıstan istiqamətinə yönləndirilir. Hazırda əsas ixrac qovşaqları Dunay çayı üzərində yerləşən Reni və İzmail limanlarıdır, logistika isə əsasən Rumıniyanın Konstansa və Polşanın Qdansk limanlarına bağlanıb.

Ekspert xatırladıb ki, Qdanskda keçirilən URC2026 – Ukraynanın Bərpası Konfransı çərçivəsində nəqliyyat və logistika sahəsində mühüm razılaşmalar əldə olunub. Bunlardan biri Çornomorsk limanındakı bərə, konteyner və digər terminalların uzunmüddətli konsessiyaya verilməsi məsələsidir.

Onun fikrincə, Azərbaycan bu prosesləri diqqətlə izləməlidir, çünki onların nəticələri Orta Dəhlizin rəqabət qabiliyyətinin artmasına müsbət təsir göstərə bilər.

Rauf Ağamirzayev bildirib ki, ənənəvi nəqliyyat-logistika marşrutları hazırda sürətlə dəyişir. Cənubi Qafqaz və Anadoluda tikilən yollar vahid logistika sisteminin tərkib hissəsidir. Türkiyə artıq Yaxın Şərq istiqamətində çıxışlarını genişləndirir, Balkan ölkələri ilə əlaqələr güclənir, eyni zamanda Əfqanıstan üzərindən keçən Lapis-Lazuli (Lazurit) dəhlizi də fəaliyyət göstərir.

Ekspertin sözlərinə görə, regionda həyata keçirilən əsas strateji layihələr bunlardır:

İnkişaf Yolu (Development Road) – İraqın Əl-Fav limanını Türkiyə və Avropa ilə birləşdirəcək multimodal marşrut;

Hicaz dəmir yolu – Türkiyə, Suriya və İordaniya tərəfindən yenidən bərpası müzakirə olunan tarixi dəmir yolu xətti;

Via Carpatia avtomobil magistralı;

CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində Çin, Pakistan, Mərkəzi Asiya, Türkiyə və Cənubi Avropanı birləşdirən nəqliyyat dəhlizləri.

Ağamirzayev hesab edir ki, bütün bu layihələr birlikdə Avrasiya məkanında yeni nəqliyyat arxitekturasını formalaşdırır və regionlar arasında iqtisadi inteqrasiyanı daha da gücləndirir.