03 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ukraynanın Milli Nəqliyyat Universitetinin (National Transport University) nümayəndəsi, Hetman Petro Konaşeviç-Sahaydaçnı adına Tədris-Elmi Kiyev Su Nəqliyyatı İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Olena Timoşuk ilə görüş keçirilib.
Denizxeber.az bildirir ki, görüş çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Ukraynanın Milli Nəqliyyat Universiteti arasında Anlaşma Memorandumu (Memorandum of Understanding) imzalanıb. Sənədi ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev və Milli Nəqliyyat Universitetinin rektoru professor Oleksandr Qrişukun adından professor Olena Timoşuk imzalayıb.
Görüş zamanı tərəflər dəniz və su nəqliyyatı sahəsində ali təhsilin inkişafı, elmi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
İmzalanmış Memorandum iki ali təhsil müəssisəsi arasında uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edir. Sənədə əsasən, tərəflər bakalavriat və magistratura səviyyələrində tələbə mübadiləsinin həyata keçirilməsi, professor-müəllim heyəti və inzibati əməkdaşların qarşılıqlı səfərlərinin təşkili, birgə elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, seminar, konfrans və digər akademik tədbirlərdə birgə iştirak, elmi və tədris materiallarının mübadiləsi, həmçinin qısamüddətli təhsil proqramları və layihələrin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə bildirilib ki, imzalanmış Memorandum Azərbaycan ilə Ukrayna arasında ali təhsil və elm sahəsində əməkdaşlığın daha da inkişafına, dəniz təhsili üzrə beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və hər iki ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Tərəflər Memorandumun icrası çərçivəsində yaxın gələcəkdə konkret fəaliyyət planının hazırlanması və birgə akademik təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.











