Almaniyadan yeni nəsil sualtı qayıqlar alınması planlaşdırılır

52

Kanada hökuməti yeni sualtı qayıqların inşasını Almaniyanın “Thyssenkrupp Marine Systems” (TKMS) şirkətinin rəhbərlik etdiyi konsorsiuma həvalə etməyi planlaşdırır.

Denizxeber.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Kanada tarixində ən iri hərbi sifarişlərdən biri olacaq bu layihənin ümumi dəyəri uzunmüddətli perspektivdə 61 milyard avronu ötəcək. Məlumata əsasən, ilkin mərhələdə müqavilənin dəyəri təxminən 10 milyard avro təşkil edəcək.

Sualtı qayıqların birbaşa satınalınmasına 13 milyard avrodan 20 milyard avroyadək vəsaitin xərclənməsi nəzərdə tutulur, qalan məbləğ isə onilliklər ərzində gəmilərin texniki xidməti, istismarı və modernləşdirmə işlərinə yönəldiləcək.

Kanada rəsmiləri hazırda istismarda olan 4 köhnə sualtı qayığı 12 ədəd müasir gəmi ilə əvəz etməyi qarşıya məqsəd qoyublar. Yeni donanmanın ölkənin Arktikada, Atlantik və Sakit okeanlarda daimi fəaliyyət və patrul imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyi bildirilir. Müqavilə hələ rəsmən imzalanmasa da, yaxın günlərdə alman konsorsiumunun bu nəhəng tenderdə üstünlük verilən rəsmi təchizatçı kimi elan ediləcəyi gözlənilir.