Dimyat limanında dayanmış iki gəmi alovlanıb

110

Misirin Aralıq dənizi sahilində yerləşən Dimyat limanında qaz saxlama və reqazifikasiya gəmilərində yanğın baş verib.

Denizxeber.az-ın Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin bəyanatına istinadla verdiyi məlumata görə, fövqəladə hallar planına uyğun olaraq əraziyə dərhal yanğınsöndürmə və təhlükəsizlik qrupları cəlb olunub, yanğın nəzarət altına alınıb. Hadisə zamanı həlak olan və ya xəsarət alan olmayıb. Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi də hadisə yerinə gələrək qəza-xilasetmə işlərinin gedişini şəxsən izləyib.

Nazirlik yanğının başvermə səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Bununla belə, “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatında ABŞ-yə məxsus Marşal adaları bayraqlı üzən LNG saxlama gəmisinin və Yunanıstana məxsus Bermuda bayraqlı LNG tankerinin PUA hücumuna məruz qaldığı qeyd olunub. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.