Orta Dəhlizin inkişafı artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq praqmatik iqtisadi hesablamalar müstəvisinə keçir və Mərkəzi Asiya ölkələri üçün iqtisadi müstəqilliyin möhkəmləndirilməsində əsas amillərdən birinə çevrilir.
Denizxeber.az bildirir ki, bu barədə Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu — Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu ilə Trans-Xəzər marşrutuna məntiqi tamlıq qazandırır. Marşrutun səmərəliliyini daha da artırmaq üçün vahid rəqəmsal dəhlizin formalaşdırılması, elektron yük sənədlərinin tətbiqi, avtomatlaşdırılmış gömrük yoxlamaları və vahid tarif siyasətinin yaradılması vacibdir. Eyni zamanda, ticarət donanmasının genişləndirilməsi və marşrutun “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu kimi yeni arteriyalarla əlaqələndirilməsi xüsusi önəm daşıyır.
X.İbrahimov vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiyanın beş dövləti ilə C6+1 formatında birləşməsi regionun beynəlxalq subyektliyini dəyişərək vahid tranzit və ticarət məkanı formalaşdırır. Bu format dənizaltı elektrik kabelləri vasitəsilə Avropaya “yaşıl enerji” ixracı, xammalın birgə emalı və kritik nəqliyyat infrastrukturunun təhlükəsizliyinin birgə təmin edilməsi kimi strateji layihələrə geniş imkanlar açır.





