İspaniya hökuməti ölkənin Şimali Afrikadakı Seuta anklavında qeyri-qanuni miqrant keçidlərinin qarşısını almaq məqsədilə dəniz sahil xəttində yeni təhlükəsizlik baryerlərinin inşasına başlayıb.
Denizxeber.az bildirir ki, İspaniya səlahiyyətliləri miqrantların intensiv istifadə etdiyi Taraxal sahilində dənizdə 500 metr uzunluğunda üzən bariyer quraşdırır. Su yüzindən 30-70 santimetr hündürlükdə, altında isə bir metr dərinliyə qədər uzanan bu qurğuya xüsusi üzən nişanlar əlavə ediləcək. Eyni zamanda, İspaniya Sahil Mühafizəsi və Milli Qvardiya patrul qayıqlarının hərəkətini təmin etmək üçün zonada xüsusi keçid saxlanılacaq.
Seutadakı kütləvi miqrant axını Avropa İttifaqında (Aİ) da ciddi siyasi narazılığa səbəb olub. Aİ-nin 22 üzv dövlətinin daxili işlər nazirləri ittifaq rəhbərliyinə məktub ünvanlayaraq təcili iclasın keçirilməsini və xarici sərhədlərin qorunmasına dəstək göstərilməsini tələb ediblər. “Tagesschau”nun məlumatına görə, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Ciorcia Meloninin də imzaladığı müraciətdə İspaniyanın 500 min qeyri-qanuni miqrantı leqallaşdırmaq qərarı tənqid olunub.
İspaniyanın Baş naziri Pedro Sançez isə tənqidlərə cavab olaraq İspaniya marşrutu ilə qanunsuz girişlərin İtaliya, Qərbi Balkan və Yunanıstan marşrutları ilə müqayisədə daha az olduğunu bildirib və sərhəd təhlükəsizliyində Aİ səviyyəsində həmrəyliyin vacibliyini vurğulayıb.





