Qazaxıstan Hərbi Dəniz Qüvvələrində gəmi birləşmələrinin, hərbi idarəetmə orqanlarının və gəmi taktiki qruplarının döyüş hazırlığının təkmilləşdirilməsinə yönəlmiş kompleks tədbirlər yekunlaşıb.
Denizxeber.az bildirir ki, komanda-qərargah məşqləri, qərargah təlimləri və praktiki məşğələlər çərçivəsində hərbi qulluqçular döyüş əməliyyatlarının planlaşdırılması, qüvvələrin idarə olunması, rabitənin təşkili və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə tapşırıqları icra ediblər.
Təlimlər zamanı operativ şəraitin dəyişməsinə çevik reaksiya verilməsi, taktiki qrupların dayanıqlı idarə edilməsi, dəstək qüvvələri ilə səmərəli əlaqələrin qurulması və hərbi texnikadan maksimum effektiv istifadəyə xüsusi diqqət yetirilib.
Dəniz poliqonlarında və bazalanma məntəqələrində keçirilən praktiki mərhələdə gəmi heyətləri taktiki qrupların tərkibində birgə manevretmə, naviqasiya təminatı və dənizdə rabitə idarəetməsi tapşırıqlarını uğurla tamamlayıblar.
Yekun taktiki təlimlər Qazaxıstan HDQ-nin qərargah və gəmi heyətlərinin qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını yerinə yetirməyə tam hazır olduğunu nümayiş etdirib.









