Strateji su yolunda böhran

60

İran Hörmüz boğazında mülki və ticari gəmiçiliyin bərpasına icazə verməyəcəyini və Tehranın Qətər vasitəçilərinin akvatoriyanın açılması ilə bağlı təklifini qəbul etməsi barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.

Denizxeber.az bildirir ki, bu barədə İranın danışıqlar qrupundakı mənbə açıqlama verib.

Mənbə strateji dəniz keçidi olan Hörmüz boğazı vasitəsilə naviqasiyanın bərpasına dair hər hansı razılaşmanın əldə olunmadığını və bu iddiaların dezinformasiya xarakteri daşıdığını vurğulayıb. Agentliyin həmsöhbəti qeyd edib ki, Birləşmiş Ştatlar “düşmənçilik hərəkətlərini davam etdirdiyi” müddətdə boğaz dəniz nəqliyyatının üzünə bağlı qalacaq.

Qeyd edək ki, bundan əvvəl İsrailin N12 telekanalı ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi zərbəni İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər vasitəçilərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı kompromis təklifini qəbul etməsindən sonra təxirə saldığını iddia etmişdi.

Fars körfəzində davam edən gərginlik və dəniz blokadası qlobal enerji daşımaları və dəniz yükdaşımaları təhlükəsizliyi üçün ciddi risklər yaratmaqda davam edir.