Su səviyyəsinin kəskin enməsi tarixi hərbi gəmiləri aşkar edib

138

Avropada hökm sürən anomal isti hava və şiddətli quraqlıq Dunay çayında suyun səviyyəsini rekord həddə endirərək İkinci Dünya müharibəsi dövründə batırılmış faşist Almaniyasına məxsus hərbi gəmilərin qalıqlarını Serbiyanın Prahovo yaşayış məntəqəsi yaxınlığında su səthinə çıxarıb.

Denizxeber.az bildirir ki, Serbiya və Xorvatiya ərazisindən keçən dəniz və çay marşrutlarında naviqasiyanı çətinləşdirən bu batıq dəniz nəqliyyatı vasitələrinin çıxarılması istiqamətində işlər intensivləşdirilib.

Aprel ayınadək mütəxəssislər çay dibindən artıq yeddi hərbi gəmini qaldırıblar, səkkizinci gəminin çıxarılması üzrə hazırlıq prosesi davam edir. Gövdələrin içərisində partlamamış döyüş sursatları və dəniz minalarının qalma riski nəzərə alınaraq, əməliyyatlardan öncə dalğıclar və istehkamçılar tərəfindən hərtərəfli sualtı yoxlamalar aparılır. Naviqasiyaya mane olan bir sıra iri dəniz qalıqları isə hissələrə bölünərək və ya farvateri bağlamaması üçün daha dərin akvatoriyalara köçürülərək təhlükəsizlik təmin edilir.

Prahovo zonasında Dunay çayının dənizçilik və gəmiçilik üçün təmizlənməsi məqsədilə Avropa Komissiyası 16,5 milyon avro məbləğində qrant, Avropa İnvestisiya Bankı isə təxminən 14 milyon avro kredit ayırıb. Strateji layihənin ilk mərhələsində 21 gəminin sudan çıxarılması nəzərdə tutulur. Ümumilikdə həmin çay hövzəsində 200-ə yaxın batmış gəmi qalıqlarının olduğu təxmin edilir.

Qeyd edək ki, sözügedən hərbi gəmilər 1944-cü ildə Kladovo istiqamətinə geri çəkilən faşist Almaniyası donanması tərəfindən sovet qoşunlarının əlinə keçməməsi üçün qəsdən batırılmışdı.