İran hökuməti 2018-ci ildə 5 sahilyanı dövlət tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ölkə parlamentində (Məclis) ratifikasiya olunması istiqamətində addımları kəskinləşdirib.
Denizxeber.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirilən brifinqdə məlumat verib.
“2018-ci ildən bəri bu konvensiya hüquqi, siyasi və digər aspektdən dəqiq şəkildə araşdırılıb. 22 iyul 2026-cı il tarixində sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib və ratifikasiya üçün parlamentə göndərilib”, – deyə o bildirib.
Bəqai vurğulayıb ki, İran istənilən mühüm beynəlxalq dəniz sazişinə qoşularkən onun təhlükəsizlik və hüquqi detallarını diqqətlə nəzərdən keçirir: “Tehran parlamentdə sənədin ratifikasiya olunmasının Xəzəryanı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyinə və regiondan kənar oyunçuların bu strateji su hövzəsindən sui-istifadə etməsinin qarşısını alacağına inanır”.
Diplomat əlavə edib ki, Konvensiya regiondan kənar dövlətlərin Xəzərdə hər hansı hərbi iştirakını qəti şəkildə qadağan edir. Sənəddə dəniz sərhədlərinin tam təyini və başlanğıc xəttinin müəyyənləşməsi əksini tapmayıb – bu məsələlər üzrə danışıqlar ayrı-ayrı çərçivələrdə davam etdiriləcək.
“İranın bu konvensiyanı ratifikasiya etməsi sənədin tam hüquqi qüvvəyə minməsini təmin edəcək. Çünki Konvensiyanın icrası üçün hər 5 sahilyanı ölkənin ratifikasiyası mütləq şərtdir. Bu isə Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimadı daha da möhkəmləndirəcək”, – deyə XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, Xəzər dənizinin sahil xəttinin uzunluğu təxminən 6,38 min kilometrdir və dənizin ətrafında 5 sahilyanı ölkə – Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.
2018-ci il avqustun 12-də Aktau şəhərində keçirilən 5-ci Xəzər Sammitində dövlət başçıları tərəfindən tarixi Konvensiya imzalanıb. Sənəd indiyədək Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan parlamentləri tərəfindən ratifikasiya edilsə də, yalnız İran parlamentində gözləmədə idi. Konvensiyaya əsasən, dəniz dibinin və təki bölgüsü sahilyanı ölkələr arasında ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında tənzimlənir.





