Dəniz yollarında insan faciəsi

127

İspaniya Dəniz Xilasetmə Xidməti Balear adalarından biri olan Mayorka sahillərində açıq dənizdə köməksiz vəziyyətdə qalan qayıq aşkar edib. Qayığın göyərtəsində 17 miqrantın cansız bədəni tapılıb.

Denizxeber.az bildirir ki, yerli dəniz hakimiyyəti orqanları bəyan ediblər ki, miqrantlar açıq dənizdə 15 gün keçirdikdən sonra Balear adaları sahillərinə çatmağa çalışarkən həyatlarını itiriblər.

Dəniz patrul xidmətləri tərəfindən Mayorka adasının cənub-qərb akvatoriyasında saxlanılan qayıqdan cəmi iki nəfər sağ çıxarıla bilib. Onlar ağır susuzlaşma və taqətdən düşmə əlamətləri ilə təcili dəniz-xilasetmə helikopteri vasitəsilə xəstəxanaya təxliyə olunublar.

Bundan əlavə, çərşənbə axşamı səhər saatlarında dəniz mühafizə qüvvələri İbisa adasından 48 kilometr cənub-qərb məsafədə daha bir miqrant qayığını aşkar edərək 15 nəfəri dənizdə boğulmaqdan xilas ediblər.