Diplomatik müstəvidə gərginlik

101

Türkiyə Xarici İşlər Nazirliyi Qara dəniz akvatoriyasında Türkiyə şirkətlərinə məxsus mülki ticarət gəmilərinə qarşı reallaşdırılan növbəti dron hücumları ilə bağlı rəsmi bəyanat yayıb.

Denizxeber.az bildirir ki, XİN-in sosial şəbəkə hesabında yer aldırılan açıqlamada avqustun 3-ü axşam saatlarında Rusiyanın Novorossiysk dəniz limanını tərk edən “Yaşar” və “Nadezhda” adlı mülki gəmilərin pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəfə alındığı təsdiqlənib. Açıqlamada zərbələr nəticəsində aralarında Türkiyə vətəndaşlarının da olduğu bir qrup dənizçinin yaralandığı və onların səhhətinin yaxından izlənildiyi diqqətə çatdırılıb.

Türkiyə diplomatik idarəsi bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların Qara dənizdə mülki gəmiçiliyə də zərər vuracaq miqyasda genişlənməsindən dərin narahatlığını ifadə edib.

Bəyanatda vurğulanıb ki, vaxtında qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməzsə, Qara dəniz akvatoriyasında gərginliyin artması qlobal qida təhlükəsizliyi də daxil olmaqla, dəniz ticarəti və logistikası üçün çoxşaxəli ağır fəsadlara yol açacaq. Bu səbəbdən Ankara münaqişə tərəfləri də daxil olmaqla bütün aidiyyəti dənizçilik subyektlərinə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin olunması üçün təcili və konret addımlar atmaq çağırışını yeniləyib.