ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq və 15 ultramodern döyüş gəmisindən ibarət olacaq yeni donanma layihəsinin ümumi inkişaf və tikinti xərcləri 275 milyard dollara çatacaq.
Denizxeber.az bildirir ki, ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) dərc etdiyi son hesabatda bildirilir ki, bu layihə həmin hərbi gəmiləri Birləşmiş Ştatların dənizçilik tarixində inşa edilmiş ən bahalı hərbi gəmi sinfinə daxil edəcək.
Müstəqil parlament qurumu olan CBO-nun hesablamalarına görə, nüvə mühərrikli ilk baş gəminin inşası təxminən 23,4 milyard dollara başa gələcək. Seriya istehsalı çərçivəsində inşa ediləcək növbəti 14 gəminin hər birinin orta dəyəri isə 18 milyard dollar təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, dünyanın ən böyük nüvə aviadaşıyıcısı olan “USS Gerald R. Ford” 2008-ci ildə təxminən 13,3 milyard dollara başa gəlib ki, bu da cari qiymətlərlə 20 milyard dollardan çoxdur. Donald Tramp ötən ilin dekabrında öz adını daşıyacaq yeni döyüş gəmiləri sinfinin (Trump-class) yaradılacağını bəyan etmişdi. Adətən hərbi dəniz gəmilərinə bu cür adların verilməsi yalnız vəzifəsini başa vurmuş dövlət rəhbərlərinin şərəfinə həyata keçirilir.
CBO hesabatında bildirilir ki, hazırda istismarda olan esmines və kreyserlərdən xeyli böyük olacaq bu nəhəng döyüş gəmiləri ən müasir dəniz silah sistemləri ilə təchiz ediləcək:
- Zenit və raket kompleksləri: Zenit və “dəniz-yer” tipli uzaqmənzilli raket sistemləri;
- Strateji və yüksək dəqiqlikli silahlar: Hipersəs raketləri və nüvə başlıqlı qanadlı raketlər;
- Gələcəyin dəniz texnologiyaları: Lazer hücum/müdafiə sistemləri və elektromaqnit top (railgun) qurğuları.





