“Drewry Supply Chain Advisors” şirkətinin açıqladığı son hesabata görə, qlobal konteyner daşımaları bazarında tariflər yenidən artım tendensiyasına keçib. Şirkətin tərtib etdiyi Dünya Konteyner İndeksi (World Container Index – WCI) ötən həftə ilə müqayisədə 1% artaraq 40 futluq konteyner (FEU) üçün 4 297 ABŞ dollarına yüksəlib.
Denizxeber.az bildirir ki, məlumata əsasən, Şanxay–Rotterdam marşrutu üzrə tariflər dəyişməyərək 4 653 dollar səviyyəsində qalıb. Rotterdam–Şanxay xəttində isə tarif 1% azalaraq 583 dollara enib.
Eyni zamanda, Şanxay–Genuya marşrutunda yükdaşıma haqqı 2% azalaraq 5 506 dollara düşüb. Buna qarşılıq, Şanxay–Los-Anceles marşrutunda tarif 3% artaraq 5 894 dollara, Şanxay–Nyu-York xəttində isə 4% artaraq 7 893 dollara yüksəlib.
Digər istiqamətlərdə Los-Anceles–Şanxay marşrutu üzrə tarif 2% azalaraq 839 dollara, Rotterdam–Nyu-York xəttində isə 2% artaraq 2 773 dollara çatıb. Nyu-York–Rotterdam marşrutunda isə yükdaşıma haqqı 1% azalaraq 1 096 dollar təşkil edib.
Drewry-nin qiymətləndirməsinə görə, son həftə qeydə alınan göstəricilər qlobal konteyner daşımaları bazarında tariflərin yenidən yüksəliş meyli nümayiş etdirdiyini göstərir.





