Milli muğam sənətimizin inkişafında müstəsna xidmətləri olan görkəmli xanəndə, Xalq artisti Qəndab Quliyevanın anadan olmasından 77 il ötür.
Denizxeber.az bildirir ki, özünəməxsus ifa tərzi, güclü və təsirli səsi ilə fərqlənən sənətkar Azərbaycan muğamının zəngin ənənələrinin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfələr verib.
Qəndab Quliyeva muğamın incəliklərini Nəriman Əliyev və Vahid Abdullayevdən öyrənib. O, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
1981-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərən xanəndə Leyli, Əsli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm (“Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”) və Xanəndə qız (“Vaqif”) kimi yaddaqalan obrazlar yaradıb.
Almaniya, Kanada, Yaponiya, Fransa, İsveç, Türkiyə, İran və İraqda Azərbaycan muğamını yüksək səviyyədə təmsil edib. Xanəndənin ifa etdiyi “Çahargah” muğamı Fransada buraxılan “Muğam antologiyası” diskinə daxil olunub.
Pedaqoji fəaliyyətlə də məşğul olan və gənc xanəndələr nəsli yetişdirən Xalq artisti 2017-ci il iyunun 26-da vəfat edib.





