Azərbaycan ədəbiyyatının incisi

137

Avqustun 19-da Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ölkəmizin ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü ildönümü tamam olur.

Denizxeber.az bildirir ki, 1912-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olan şairə milli poeziyamızın inkişafında və qadın azadlığı mövzusunun təbliğində müstəsna xidmətlər göstərib.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra Qubada ədəbiyyat müəllimi işləyib. Düz Bakıya qayıdaraq AMEA-nın Əlyazmalar fondunda şöbə müdiri (1934–1938) və Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışıb.

İlk şeiri olan “Qadınların hürriyyəti” 1927-ci ildə “Oktyabr alovları” məcmuəsində dərc edilib. İkinci Dünya müharibəsi illərində cəbhəyə və vətənpərvərliyə həsr olunmuş 6 kitabı işıq üzü görüb.

“Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının, eləcə də “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Yasəmən fəsli” kimi zəngin şeir toplularının müəllifidir. 3 cildlik “Seçilmiş əsərləri” nəşrindən sonra “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb.

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi bəstəkarlar onun sözlərinə unudulmaz mahnılar və romanslar bəstələyiblər. O, həmçinin Nizami, Xaqani, Puşkin, Şevçenko və Evripidin (“İppolit” faciəsi) əsərlərini ustalıqla Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan ədəbiyyatının parlaq siması Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Bakı şəhərində vəfat edib.