Supertankerlər hədəfə alındı

51

Yaxın Şərqdə dəniz gəmiçiliyinin ən kritik nöqtəsi sayılan Hörmüz boğazında Səudiyyə Ərəbistanı və Cənubi Koreyaya məxsus iki irihəcmli neft tankeri mərmi hücumuna məruz qalıb. Strateji dəniz dəhlizində hücumların yenidən alovlanması qlobal neft bazarlarında kəskin qiymət artımına səbəb olub.

Denizxeber.az-ın dəniz risklərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan “Marisks” (Maritime Risk Services) şirkətinə istinadən “Bloomberg”ə verdiyi məlumata görə, hücum hər iki tanker Fars körfəzini tərk etməyə çalışarkən baş verib.

“Bahri” şirkətinə məxsus xam neft daşıyan irihəcmli gəmi Omanın Xəsəb limanından 17 dəniz mili şimal-şərq istiqamətində zərbəyə məruz qalıb. “Sinokor Group” şirkətinə aid tanker Omanın şərq sahilləri boyu hərəkət edərkən 3 mərmi zərbəsi alıb. “Marisks”in bildirdiyinə görə, hər iki tanker təhlükəsizlik məqsədilə mövqelərini gizlətmək üçün AIS (Avtomatik Eyniləşdirmə Sistemi) transponderlərini söndürərək hərəkət edirmiş.

Müharibədən əvvəlki həcmin təxminən yarısına qədər bərpa olunmuş dəniz daşımaları bu hücumlardan sonra yenidən ciddi təhlükə altına düşüb. Hücum xəbərlərindən dərhal sonra Londonun ICE birjasında noyabr fyuçersləri üzrə “Brent” markalı neftin qiyməti cari ilin 25 avqustundan bəri ilk dəfə 1 barel üçün 92 dolları ötüb.