Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (“Frontex”) davam edən miqrasiya böhranı fonunda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə La-Manş və Şimal dənizinə patrul gəmiləri göndərəcək.
Denizxeber.az bildirir ki, bu barədə “Reuters” Fransa hakimiyyətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, “Frontex” sentyabr-oktyabr aylarında bölgəyə İspaniyadan iki patrul kateri göndərəcək. Daha sonra, yanvar ayınadək Litvadan daha bir patrul kateri əməliyyata qoşulacaq.
Patrul gəmilərinin Fransa qüvvələri ilə birgə fəaliyyət göstərərək bölgədə axtarış-xilasetmə və patrul xidmətlərində iştirak edəcəyi bildirilir.
Qeyd olunur ki, La-Manş dünyanın ən sıx gəmiçilik marşrutlarından biridir. Miqrantlar insan alverçilərinin təqdim etdiyi kiçik və əksər hallarda həddindən artıq yüklənmiş qayıqlarla Fransadan Böyük Britaniyaya keçməyə cəhd edirlər.
Güclü dəniz cərəyanları və mürəkkəb gəmiçilik şəraiti bu cür səfərləri son dərəcə təhlükəli edir. Belə cəhdlər dəfələrlə insan tələfatı ilə nəticələnib.
Avqust ayında Fransa sahil mühafizəsi La-Manşda yanan miqrant gəmisindən 157 nəfəri xilas edib.
“Frontex”in bölgəyə əlavə qüvvələr göndərmək qərarı Fransa və Böyük Britaniya liderlərinin La-Manş vasitəsilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması tədbirlərini müzakirə etdikləri görüşdən bir neçə gün sonra qəbul edilib.





