İranın üç neft tankeri hədəfə alındı – YENİLƏNDİ

62

ABŞ Silahlı Qüvvələri sentyabrın 5-də İranın üç xam neft tankerinə zərbələr endirdiyini açıqlayıb.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un açıqlamasına görə, hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) region sularında patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücum etməsindən sonra baş verib.

Bildirilib ki, ABŞ-ın aviadaşıyıcısı və idarəolunan raketlərlə təchiz edilmiş esminesi İran tərəfindən həyata keçirilən bir neçə hücumdan yayınıb. ABŞ hərbçiləri arasında xəsarət alan olmadığı qeyd edilib. Bundan sonra ABŞ qüvvələrinin Xarq adası sahillərində SEPAH-a məxsus olduğu bildirilən “M/T Downy” və “M/T Stark 1” adlı xam neft tankerlərinə zərbələr endirdiyi açıqlanıb.

CENTCOM həmçinin bildirib ki, Oman körfəzində yerləşən və yük daşımayan “M/T Kylo” adlı xam neft tankeri tamamilə məhv edilib. Açıqlamaya görə, ekipaja gəmini tərk etmək göstərişi verildikdən sonra tankerin bir neçə kritik hissəsinə zərbələr endirilib.

ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, ABŞ qüvvələri öz hərbçilərini müdafiə etməkdən çəkinməyəcək və zərurət yaranacağı təqdirdə İranın məhdud və müdafiəsiz qalan neft donanmasına qarşı yeni zərbələr endirə bilər. Qeyd edək ki, tankerlərə endirildiyi bildirilən zərbələrlə bağlı məlumatlar hazırda ABŞ tərəfinin açıqlamasına əsaslanır.