Küveyt Neft Korporasiyası alıcılara xam neft və neft məhsullarının təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Hörmüz boğazından kənarda gəmidən-gəmiyə yükləmə imkanları təklif edir.
Denizxeber.az bildirir ki, bu barədə Korporasiyanın qlobal marketinq üzrə baş meneceri Şeyx Xalid Əhməd əs-Sabah “Reuters”ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, ABŞ və İran arasında davam edən müharibə fonunda alıcılar və gəmiçilik şirkətləri təhlükəsizlik riskləri səbəbindən Hörmüz boğazı daxilində yerləşən limanlardan istifadədən çəkinirlər. Bu səbəbdən Küveyt Neft Korporasiyası müştərilərin tələbatını qarşılamaq üçün alternativ daşınma variantları təqdim edir.
Bildirilib ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi digər neft istehsalçıları da xam nefti alıcılara Hörmüz boğazından kənarda yerləşən limanlar vasitəsilə təklif edirlər.
Məlumata görə, Küveyt Neft Korporasiyası avqust və sentyabr aylarında keçirilən bir sıra tenderlər çərçivəsində naftanı təyinat limanında gəminin göyərtəsində təhvil vermək şərti ilə satışa çıxarıb.
Qeyd olunur ki, Korporasiya müharibə başlamazdan əvvəl də naftanı əsasən gəminin göyərtəsində təhvil şərti ilə təklif edirdi. Şirkət ABŞ-İran müharibəsinin fevral ayında başlamasından sonra neft yüklərinin satışını ilk dəfə iyun ayında bərpa edib.





