İnsan həyatının qorunması

47

Hər il sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın dəstəyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi ilə Ümumdünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd olunur.

Denizxeber.az bildirir ki, bu günün əsas məqsədi intiharların qarşısının alınması istiqamətində ictimai məlumatlılığın artırılması, risk qrupunda olan şəxslərə vaxtında dəstək göstərilməsinin təşviqi və hər bir insan həyatının qorunmasının vacibliyinə diqqət çəkməkdir.

ÜST-nin məlumatına görə, dünyada hər il 720 mindən çox insan intihar nəticəsində həyatını itirir. İntihar 15–29 yaş qrupunda əsas ölüm səbəblərindən biridir. İntihar hallarının böyük hissəsi aşağı və orta gəlirli ölkələrdə baş verir.

Mütəxəssislər bildirirlər ki, intiharın tək və universal səbəbi yoxdur. Bu davranış şəxsi, psixoloji, sosial, iqtisadi, bioloji və digər amillərin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb hadisədir. Psixi sağlamlıq problemləri, ailədaxili çətinliklər, sosial təcrid, işsizlik, ağır emosional sarsıntılar və digər böhran vəziyyətləri risk faktorları sırasında yer ala bilər.

Ekspertlərin fikrincə, intihar barədə danışan və ya özünə zərər verməklə bağlı siqnallar verən şəxslərin sözlərinə ciddi yanaşmaq, onları tək buraxmamaq və peşəkar yardıma yönləndirmək mühüm əhəmiyyət daşıyır.

ÜST və tərəfdaş təşkilatlar intihara cəhd etmiş şəxslərin vaxtında tibbi və psixoloji yardımla təmin olunmasının, eləcə də onların sonrakı qayğı prosesinin davam etdirilməsinin vacibliyini vurğulayırlar.

Bu gün həmçinin intihar hallarının mediada məsuliyyətli və ölçülü şəkildə işıqlandırılmasına çağırış edir. Məqsəd ictimaiyyətin məlumatlılığını artırmaq və intiharların qarşısı alına bilən vaxtından əvvəl ölüm səbəblərindən biri olduğunu diqqətə çatdırmaqdır.