3 Azərbaycanlının həbsi uzadıldı

215

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində saxlanılan 3 Azərbaycan vətəndaşı da daxil olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.

Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu “Report”a məlumat verib.

Məlumata görə, gəminin batması və 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

İclas zamanı gəmidə çalışan Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov barəsində ayrıca ittiham irəli sürülməyib.

Hazırda hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq aparılır.

Orxan Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onun sözlərinə görə, heyət üzvlərinin gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır.

O qeyd edib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və sərnişinlərə yardım göstərmək üçün həyatlarını riskə atıblar.

Məlumata görə, polis istintaq qrupu hadisə baş verdiyi gündən etibarən 300-ə yaxın şəxsdən izahat alıb.

Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Qeyd edək ki, Girne sahillərində baş verən gəmi qəzası nəticəsində 8 nəfərin öldüyü, 14 nəfərin isə itkin düşdüyü bildirilir. Hadisənin səbəbləri və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.