Dənizçilərimizi ölümə aparan yol: Daha neçə itki lazımdır?

313

Bəs biz neçə vətəndaşımızın həyatını itirməsini gözləməliyik ki, bu təhlükənin qarşısının alınması üçün daha ciddi addımlar atılsın?

Denizxeber.az bildirir ki, dənizçilik hər zaman riskli peşə olub. Fırtına, texniki nasazlıq, yanğın, dəniz quldurluğu və digər təhlükələr bu peşənin ayrılmaz hissəsi sayılıb. Lakin bu gün azərbaycanlı dənizçilərin üzləşdiyi risk əvvəlkilərdən köklü şəkildə fərqlənir.

Söhbət artıq təbii və ya texniki təhlükələrdən deyil, müharibə və hərbi əməliyyatların getdiyi ərazilərdə mülki gəmilərin hədəfə çevrilməsindən gedir.

Qara dəniz və Azov dənizində hərbi əməliyyatların genişlənməsi mülki gəmiçilik üçün də ciddi təhlükə yaradıb. Dron hücumları yalnız hərbi obyektlərlə məhdudlaşmır, yük və yedək gəmiləri də hücumların hədəfinə çevrilir.

Bu təhlükənin acı nəticəsini artıq azərbaycanlı ailələr də yaşayır.

Bu ilin iyununda heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə hücumlar zamanı azərbaycanlı dənizçilər arasında ölən və yaralananlar olub.

Təhlükənin davam etdiyini sonrakı hadisələr də göstərib. Avqust ayında Qara dənizdə azərbaycanlı dənizçilərin də olduğu “Volgo Balt 226” gəmisinə dron hücumu baş verib.

Sentyabrın 9-da isə Odessa yaxınlığında Somali bayrağı altında üzən “TEDY” yedək gəmisi bir neçə dəfə dron hücumuna məruz qalıb. Gəmidə dörd Azərbaycan vətəndaşı olub. Hücum nəticəsində Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev yaralanıb.

Bu, artıq sadəcə statistika deyil. İki insan həyatını itirib, iki ailə ağır itki ilə üzləşib, daha iki dənizçi isə yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə vətəndaşlara təhlükəli bölgələrə səfər etməmələri barədə xəbərdarlıq edib. Dövlət Dəniz və Liman Agentliyi də dənizçiləri həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.

Lakin hadisələrin ardıcıllığı göstərir ki, təkcə xəbərdarlıqla kifayətlənmək artıq yetərli olmaya bilər.

Burada kifayət qədər mürəkkəb hüquqi və sosial dilemma yaranır. Dövlət yetkin Azərbaycan vətəndaşına xarici ölkədə işləməyi tamamilə qadağan edə bilməz. Xarici gəmidə çalışan dənizçiyə də hər bir halda “bu marşruta getmə” demək hüquqi baxımdan sadə məsələ deyil.

Digər tərəfdən, insanın həyatını riskə atması yalnız onun şəxsi məsələsi də deyil. Çünki həmin insanın arxasında ailəsi, övladları və onun əməyindən asılı olan insanlar var.

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, bu məsələdə ən real vasitələrdən biri maarifləndirmədir. Onun sözlərinə görə, dövlət vətəndaşlara müəyyən ölkə və ərazilərə getməyi tamamilə qadağan edə bilməz. Dünyanın müxtəlif ölkələrində də təhlükəli bölgələrə səfərlərlə bağlı əsas mexanizm xəbərdarlıq və məlumatlandırmadır.

Lakin burada mühüm bir məqam var: xəbərdarlıq kifayətdirmi?

İqtisadçı Natiq Cəfərli isə problemin kökündə iqtisadi amilin də dayandığını düşünür. Onun fikrincə, dənizçilər yüksək əməkhaqqına görə riskli marşrutlarda işləməyə razılaşa bilirlər. Dövlət isə xaricdə çalışan hər bir vətəndaşın harada işlədiyini, hansı gəmidə olduğunu və hansı marşrutla hərəkət etdiyini tam nəzarətdə saxlaya bilməz.

Bu reallığı nəzərə almaq lazımdır. Dənizçi riskli marşruta yalnız riskdən zövq aldığı üçün getmir. O, ailəsini dolandırır, övladlarının gələcəyini düşünür, evinin xərclərini ödəyir, bəzən borclarını bağlamaq üçün daha yüksək maaşlı işə üstünlük verir.

Amma bir sual yenə də açıq qalır:

Müharibə zonasına yaxın sularda üzmək artıq adi peşə riski deyil. Bu, insan həyatının birbaşa təhlükə altında olduğu xüsusi vəziyyətdir.

Bu səbəbdən daha sistemli mexanizmlərin yaradılması barədə düşünmək lazımdır.

Məsələn, müharibə və hərbi əməliyyatların getdiyi dəniz əraziləri üzrə daim yenilənən “qırmızı zona” sistemi yaradıla bilər. Azərbaycan vətəndaşı xarici gəmidə iş təklifini qəbul etməzdən əvvəl həmin gəminin marşrutunun risk səviyyəsi barədə rəsmi və aktual məlumat əldə edə bilməlidir.

Gəmiçilik şirkətləri də işçiyə marşrut barədə tam məlumat verməlidir. Əgər gəmi yüksək riskli əraziyə daxil olacaqsa, dənizçi bunu son anda deyil, əmək müqaviləsi bağlanarkən bilməlidir.

Daha bir mühüm məsələ isə dənizçinin təhlükəli marşrutdan imtina hüququdur.

Dənizçi “mən bu əraziyə getmək istəmirəm” dedikdə işini itirmək qorxusu yaşamamalıdır. Onun təhlükəsizliyə görə marşrutdan imtina etməsi hüquqi baxımdan qorunan seçimə çevrilməlidir.

Bununla yanaşı, riskli ərazilərə gedən gəmilərdə çalışan Azərbaycan vətəndaşlarının fövqəladə vəziyyət zamanı əlaqələndirilməsi üçün operativ mexanizmin yaradılması da nəzərdən keçirilə bilər.

Bu, dənizçinin azadlığını məhdudlaşdırmaq deyil. Əksinə, onun məlumatlı və təhlükəsiz seçim hüququnu təmin etməkdir.

Əlbəttə, heç kim dənizçinin çörək puluna mane olmaq istəmir. Bu insanların əksəriyyəti ailəsini dolandırmaq və övladlarının gələcəyini təmin etmək üçün dənizə çıxır. Onların riskə getməsinin sosial və iqtisadi səbəblərini anlamaq çətin deyil.

Lakin müharibə zonasına yaxın sularda işləmək artıq adi dənizçilik riski kimi qiymətləndirilə bilməz.

Ona görə də maarifləndirmə yalnız dənizçilərin özlərinə deyil, onların ailələrinə də yönəlməlidir. Ailə üzvləri də dənizçinin hansı marşrutda işlədiyini, həmin ərazinin hansı təhlükələri daşıdığını bilməlidirlər.

Əsas məqsəd isə sadə olmalıdır:

Növbəti azərbaycanlı dənizçinin adının ölüm siyahısına düşməsini gözləmədən onun həyatını qorumaq.

Çünki itirilən gəmi bərpa edilə bilər, maddi zərər kompensasiya oluna bilər, yük yenidən daşına bilər. Amma itirilən insan həyatını geri qaytarmaq mümkün deyil.