Onlarla ölü balıq sahilə çıxır – VİDEO

283

Bakının Yasamal rayonunda, Yaşayış Kombinatı yaxınlığında yerləşən Qanlı göldə son günlər balıqların kütləvi şəkildə tələf olması müşahidə edilir.

Denizxeber.az bildirir ki, onlarla ölü balığın dalğalar vasitəsilə gölün sahilinə atıldığı bildirilir. Hadisə ərazidə yaşayan sakinlər arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı Baku TV-yə danışan ekspert Rövşən Abbasov bildirib ki, balıqların kütləvi tələf olmasının əsas səbəbləri arasında zəhərlənmə və suda oksigen çatışmazlığı dayanır.

Onun sözlərinə görə, yaxın ərazilərdən çirkab suların gölə axıdılması su hövzəsində oksigen çatışmazlığına səbəb ola bilər:

“Oksigen çatışmazlığı o zaman yaranır ki, yaxınlıqdakı ərazilərdən çirkab suları gölə axıdılsın. Bu zaman oksigeni istehlak edən bakteriyaların sayı artır. Bu isə göldə oksigen səviyyəsinin kəskin aşağı düşməsinə və balıqların boğularaq kütləvi şəkildə tələf olmasına səbəb olur”.

Mütəxəssisin fikrincə, balıqların tələf olmasının dəqiq səbəbini müəyyənləşdirmək üçün göldə suyun kimyəvi və bioloji tərkibi laboratoriyada araşdırılmalıdır.