Göyərtədə güclü yanğın başladı

59

Hörmüz boğazından keçən ticarət gəmisi naməlum mərmi ilə vurulub. Hadisədən sonra gəminin göyərtəsində yanğın baş verib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qurumun məlumatına görə, insident barədə ilkin məlumat sentyabrın 12-də Qrinviç vaxtı ilə saat 23:00-da daxil olub. Lakin gəminin konkret olaraq nə vaxt və hansı şəraitdə vurulduğu açıqlanmayıb.

UKMTO ilkin açıqlamasında ekipaj üzvlərinin vəziyyətinin, gəmiyə dəyən zərərin miqyasının və hadisənin ətraf mühitə mümkün təsirinin məlum olmadığını bildirib.

Sentyabrın 13-də yayılan yenilənmiş məlumatda isə hücumdan sonra gəminin göyərtəsində yanğın baş verdiyi bildirilib.

Yerli hakimiyyət orqanlarının hadisə yerinə gəldiyi və ekipaj üzvlərinin təxliyəsinə kömək etdiyi qeyd olunub.

UKMTO bölgədən keçən bütün gəmilərə yüksək səviyyədə ehtiyatlılıq nümayiş etdirməyi və araşdırma aparan yerli hakimiyyət orqanlarına hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hadisə ABŞ-İran qarşıdurmasının davam etdiyi və regionda ticarət gəmilərinə qarşı təhlükələrin artdığı bir vaxtda baş verib. Son günlər Körfəzin şimalında, Oman körfəzində və İraq sahilləri yaxınlığındakı sularda bir sıra ticarət gəmilərinin hədəfə alındığı bildirilir.

Hazırda gəminin adı, bayrağı, ekipajın milliyyəti və hücumun kim tərəfindən həyata keçirildiyi barədə rəsmi məlumat açıqlanmayıb.