Miqrantları daşıyan gəmi batdı

70

Yunanıstanın Qavdos adası yaxınlığında miqrantları daşıyan gəminin batması nəticəsində ən azı bir nəfər həlak olub, 25 nəfər isə itkin düşmüş hesab edilir.

Denizxeber.az bildirir ki, “Agence France-Presse” (AFP) Yunanıstan Sahil Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, su nəqliyyatı vasitəsində ümumilikdə 77 nəfər olub. Hadisə yerinin yaxınlığından keçən iki gəminin heyəti 51 nəfəri sudan çıxararaq xilas edib.

Hazırda itkin düşən 25 nəfərin axtarışı davam etdirilir. Hadisənin səbəbləri və gəminin hansı şəraitdə batdığı ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

BMT-nin məlumatlarına əsasən, 2026-cı ilin əvvəlindən Yaxın Şərq, Asiya və Afrika ölkələrindən Yunanıstana 22 mindən çox qanunsuz miqrant daxil olub. 2025-ci ilin bütün ili ərzində isə bu göstərici təxminən 49 min nəfər təşkil edib.

Miqrantların təxminən yarısının Liviyadan yola çıxaraq Krit adasına çatdığı bildirilir. Onların böyük əksəriyyəti Yunanıstandan Avropanın digər ölkələrinə keçmək istədiklərini bildiriblər.