Bu gün – sentyabrın 16-sı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür.
Denizxeber.az bildirir ki, BMT Baş Assambleyası 1994-cü ildə qəbul etdiyi qətnamə ilə sentyabrın 16-nı Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü elan edib. Bu tarix 1987-ci il sentyabrın 16-da ozon təbəqəsini dağıdan maddələr üzrə Monreal Protokolunun imzalanmasının ildönümü ilə əlaqədar təsis olunub və 1995-ci ildən qeyd edilir.
1987-ci ildə 36 ölkə ozon təbəqəsini dağıdan maddələrin istehsalının məhdudlaşdırılmasını və mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan Monreal Protokolunu imzalayıb.
Ozon atmosferdə çox az miqdarda olsa da, Yer üzündə həyatın qorunmasında mühüm rol oynayır. Atmosferin təxminən 10–40 kilometr yüksəklikdə yerləşən stratosfer qatında ozonun təxminən 90 faizi cəmləşib. Ozon təbəqəsi Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların əhəmiyyətli hissəsini udaraq insan sağlamlığını və ekosistemləri qoruyur.
Ozon təbəqəsinin zəifləməsi ultrabənövşəyi şüalanmanın Yer səthinə daha çox çatmasına, bunun isə dəri xərçəngi, göz xəstəlikləri və digər sağlamlıq problemlərinin riskinin artmasına səbəb ola biləcəyi bildirilir.
XX əsrin 80-ci illərində alimlərin Antarktida üzərində ozon qatının kəskin azalmasını aşkar etməsindən sonra “ozon dəliyi” anlayışı geniş yayılıb. Elmi araşdırmalar nəticəsində bir sıra sənaye və məişət kimyəvi maddələrinin ozon təbəqəsinə ciddi zərər vurduğu müəyyən edilib.
Ozonun qorunması istiqamətində beynəlxalq əməkdaşlığın əsasını 1985-ci ildə qəbul edilmiş Vyana Konvensiyası və 1987-ci ildə imzalanmış Monreal Protokolu təşkil edir.
Monreal Protokolunun tətbiqi nəticəsində soyuducu və kondisionerlər də daxil olmaqla müxtəlif məhsullarda istifadə olunan ozondağıdıcı kimyəvi maddələrin böyük əksəriyyətinin mərhələli şəkildə istifadədən çıxarılması təmin edilib. Bu tədbirlər həmçinin iqlim dəyişikliyi ilə mübarizəyə də töhfə verib.
2019-cu il yanvarın 1-də qüvvəyə minən Monreal Protokoluna Kiqali düzəlişi isə güclü istixana qazları olan hidroflüorokarbonların (HFC) mərhələli şəkildə azaldılmasını nəzərdə tutur. Bu tədbirlərin qlobal temperatur artımının məhdudlaşdırılmasına mühüm töhfə verə biləcəyi bildirilir.
BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü münasibətilə müraciətində Kiqali düzəlişinin tam həyata keçirilməsinin və dayanıqlı soyutma sistemlərinə keçidin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bu il Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü “Daha sərin bir planet naminə qlobal fəaliyyət” şüarı ilə qeyd olunur.
Günün əsas məqsədi ozon təbəqəsinin qorunmasının əhəmiyyəti barədə ictimaiyyətin məlumatlılığını artırmaq, ozondağıdıcı maddələrin istifadəsinin azaldılmasına və ətraf mühitin mühafizəsinə yönəlmiş beynəlxalq səyləri dəstəkləməkdir.





