Ekspert Rauf Ağamirzəyev qlobal ticarət və nəqliyyat şəbəkələrinin qarşılıqlı əlaqəsini açıqlayıb

52

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünyanın hər hansı regionunda nəqliyyata təsir göstərən hadisələr ümumi ticarət şəbəkəsində dəyişikliklər yaradır:

“Ümumi olaraq nəqliyyat yolları biri-birinə bağlıdır və dünyanın hər hansı bir hissəsində baş verən hadisələr ümumi şəbəkəyə təsir edir. Bu təsir formalaşdıran səbəblər müxtəlif ola bilər, yəni müharibələrdir, hər hansı bir hücumlardır, ticarət gəmilərə və yaxud son zamanlarda iqlim dəyişikliyinin təsiri altında Dunayda, deyək ki, daşımalara ciddi təsir edib və yaxud digər bir misal Panama kanalında yenə də iqlimin təsiri altında suyun azalması təsir edib ki, yük daşımanın faizinə”.

Ekspert qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdəki hücumlar və Hörmüz boğazındakı vəziyyət alternativ multimodal marşrutları gündəmə gətirib:

“Onlardan biri də Orta Dəhlizdir. Orta Dəhliz demək olar ki, son 10 ilə yaxın müddətdir fəaliyyət göstərir və bu krizislərdən dolayı da onun da təsiri var ki, əlbəttə ki, yük daşıma artır”.

R.Ağamirzəyevin sözlərinə görə, böyük yük axınının qəbul edilməsi üçün ilk növbədə infrastruktura və Xəzərdəki donanmanın imkanlarına diqqət yetirilməlidir:

“Darboğazlardan danışdıqda burda Xəzərdəki gəmi sayının böyük yük axını münasibətdə sayının artırılmasına ehtiyac var və bu yöndə də işlər görülür”.

O bildirib ki, Orta Dəhlizin əhəmiyyəti yalnız daşınan yükün həcmindən ibarət deyil. Marşrutla gübrə, taxıl, əlvan metallar, neft məhsulları, uran və konteyner yüklərinin daşınması onun qida və enerji təhlükəsizliyindəki rolunu da artırır.

Ekspert yaxın illərdə marşrutun ötürmə imkanlarının genişlənə biləcəyini vurğulayıb:

“Bizdə multimadal marşrut, yəni Çindən Qazaxıstana, Qazaxıstandan Azərbaycana, Azərbaycandan ya Qara dəniz sahillərinə, ya da ki, Bakı–Tbilisi–Qars üzərindən Türkiyəyə, yaxın gələcək üçün isə, yəni ümid edirəm ki, 29-cu il üçün isə Zəngəzur dəhlizi vasitəsilə də bu daşıma imkanları daha da genişlənəcək”.

R.Ağamirzəyev Ələt, Hövsan və Zirə limanlarının, eləcə də şəhərə daxil olmadan yük daşınmasına imkan verəcək dairəvi yolların inkişaf etdirilməsinin Azərbaycanın tranzit potensialına müsbət təsir göstərəcəyini bildirib.Onun fikrincə, əsas məsələ böhran dövründə ölkəyə yönələn yük axınının müəyyən hissəsini uzunmüddətli şəkildə marşrutda saxlamaqdır.