Dünyanın ən böyük batareyalı elektrik gəmisi olan “Hull 096” minlərlə mil məsafə qət edilərək Tasmaniyadan Uruqvaya gətirilib. Gəmi istismara verilməzdən əvvəl burada sınaq və yoxlamalardan keçiriləcək.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, 130 metr uzunluğundakı bərə sentyabrın 11-də ağır yükgötürmə gəmisi “MV Black Marlin” vasitəsilə Nueva Palmira limanına gətirilib. Sonra suya endirilən gəmi istismara hazırlıq işləri üçün Koloniya-del-Sakramentoya yedəklənəcək.
Avstraliyanın “Incat” şirkəti tərəfindən “Buquebus” üçün inşa edilən bərə Uruqvayın Koloniya-del-Sakramento şəhərindən Argentinanın Buenos-Ayres şəhərinə sərnişin və avtomobil daşıyacaq. Təxminən 30 dəniz mili məsafədə olan marşrut üzrə səfərin bir saat çəkməsi və gündə üç reysin həyata keçirilməsi planlaşdırılır.
“China Zorrilla” adlandırılacaq gəmi 2 100 sərnişin və 225 avtomobil daşıya bilər. Onun enerji sistemi 5 000-dən çox batareya modulundan ibarətdir və ümumi tutumu 40 MVt·saatdır. Batareyalar gəminin təxminən 90 dəqiqə işləməsinə imkan verir.
Alüminiumdan hazırlanan bərə səkkiz elektrik su reaktivi ilə hərəkət edir. Gəmi 2019-cu ildə sifariş edilib, daha sonra COVID-19 pandemiyası səbəbindən tikintisi dayandırılıb və dizel mühərrikli layihədən tam elektrikli sistemə uyğunlaşdırılıb.





