İtaliyanın müdafiə naziri Quido Krozetto ölkəsinin Bab-əl-Məndəb boğazında İtaliya gəmilərinin təhlükəsiz keçidini müstəqil şəkildə təmin etmək niyyətində olduğunu açıqlayıb.
Denizxeber.az bu barədə “Il Messaggero” qəzetinə istinadən məlumat yayıb.
Krozettonun sözlərinə görə, Bab-əl-Məndəb boğazında yaranmış mürəkkəb vəziyyət Hörmüz boğazındakı böhranla eyni vaxta təsadüf edərək iqtisadi fəsadlara səbəb olur.
“Biz Baş Qərargah rəisi ilə birlikdə İtaliya gəmilərinin təhlükəsiz keçidi üçün zəruri şərait yaratmaq məqsədilə Hərbi Dəniz Qüvvələrini cəlb etmək qərarına gəldik”, – deyə nazir bildirib.
Qeyd edək ki, Bab-əl-Məndəb boğazı qlobal dəniz ticarətinin təxminən 10 faizinin və xam neft daşımalarının 12 faizinin həyata keçirildiyi strateji əhəmiyyətli dəniz dəhlizidir.





