Qarabağda separatçı silahlı birləşmələrə qarşı keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür.
Denizxeber.az bildirir ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində bərpa edilib.
Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli zərbələrlə sıradan çıxarılıb.
Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib. 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki zenit-raket qurğusu, altıdan çox “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi vasitələr zərərsizləşdirilib.
Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı ərazidə silahların yerə qoyulması ilə bağlı çağırış edib. Lakin döyüş əməliyyatları sentyabrın 20-də də davam etdirilib.
Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmiləri ilə dolu altı “Ural” markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlər zamanı 90-dan artıq döyüş mövqeyi, bir neçə strateji yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını, eləcə də xeyli sayda silah-sursat ələ keçirilib.
Azərbaycan Ordusunun bölmələri bir neçə saat ərzində Ağdərə–Əsgəran, Xankəndi–Xocavənd, Suqovuşan–Vəng, Təzəkənd–Sırxavənd və Xankəndi–Xocalı istiqamətlərində irəliləyərək yollar üzərində nəzarəti təmin ediblər. Xüsusi təyinatlı bölmələr bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tapşırıqlarını yerinə yetiriblər.
Mənbənin məlumatına görə, əməliyyat zamanı tanklardan, piyadaların döyüş maşınlarından, zirehli transportyorlardan, artilleriya sistemlərindən, hərbi aviasiyadan, radioelektron mübarizə vasitələrindən və pilotsuz uçuş aparatlarından istifadə olunub.
Nəticədə separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı atəşin dayandırılması və silahların yerə qoyulması barədə razılığa gəlib. Antiterror tədbirləri 23 saat 43 dəqiqə davam edib.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.





