Hərbi tarix və zəfər

55

2023-cü il sentyabrın 20-si, saat 13:00-da Qarabağdakı separatçıların qondarma rejimi silahı yerə qoyduğunu elan edib.

Denizxeber.az bildirir ki, Vətən müharibəsindən sonra bölgədə davam edən separatçılıq fəaliyyəti Azərbaycanın öz ərazilərində suverenliyini tam təmin etməsi məsələsini gündəmə gətirib və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Əməliyyat sentyabrın 19-da saat 13 radələrində başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılıb.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı ərazidə silahların yerə qoyulması ilə bağlı çağırış edib. Lakin döyüş əməliyyatları sentyabrın 20-də də davam edib.

Həmin gün ABŞ-nin o vaxtkı dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev antiterror tədbirlərinin dayandırılması şərtlərini açıqlayıb.

“Silahın yerə qoyulduğu və tərk-silah olunduğu halda antiterror tədbirləri dayandırılacaq”, – deyə Prezident bildirib.

Bildirilib ki, reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri bir neçə dəfə dialoqa dəvət olunub. Lakin bu dəvətlər qəbul edilməyib. Antiterror tədbirləri davam etdiyi vaxtda isə həmin nümayəndələr bir daha dialoqa dəvət olunub.

Nəhayət, 2023-cü il sentyabrın 20-də saat 13:00-da Qarabağın erməni sakinlərinin müraciəti nəzərə alınaraq lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Razılaşmanın şərtlərinə əsasən:

  1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah edilməli idi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi və qanunsuz erməni silahlı dəstələrinin buraxılması nəzərdə tutulurdu.
  2. Bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi təmin edilməli idi.
  3. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəzərdə tutulurdu.

Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərinin başa çatdığını və Azərbaycanın dövlət suverenliyini bərpa etdiyini elan edib.